Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi qeyd olundu

Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə tədbir keçirildi.
Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, Səbayıl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, muğam ustadları, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Qonaqlar əvvəlcə mərkəzin foyesində qədim musiqi alətləri və muğam sənəti ilə bağlı kitab sərgisi ilə tanış oldular, “Əsrlərin sədası” ansamblı çıxış etdi.
Yubiley tədbirində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirdi ki, 10 il əvvəl məhz bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub: “Heydər Əliyev Fondunun möhtəşəm layihələri sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Mərkəzin qısa müddət ərzində fəaliyyətinə nəzər saldıqda görürük ki, bu mədəniyyət ocağı nə qədər uğurlu yol keçib”.
Son illər muğamın ölkəmizin hüdudlarından kənarda da şöhrət tapdığını deyən nazir muğam sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti olduğunu vurğuladı: “Muğam ifaçılığı, tar və kamança üçü birlikdə muğam sənətinin elementləri olaraq ayrı-ayrılıqda UNESCO-ya daxil edilməsi özlüyündə Azərbaycan mədəniyyətinin zənginliyini bir daha təsdiq edir. Eyni zamanda Muğam keçmişlə bu gün arasında, Azərbaycan ilə dünya xalqlarının mədəniyyəti arasında mənəvi körpüdür. Bu gün Azərbaycan xalqının yaratdığı bir sıra mədəni irs nümunələri həm də bəşəriyyətə məxsusdur”.
Binanın formasının Azərbaycanın qədim musiqi alətlərindən olan tarı xatırladığını deyən nazir bildirdi ki, Muğam Mərkəzi paytaxtın ən gözəl, memarlıq abidələrindən biridir. Mərkəzin foyesində xalq arasında daha çox sevilən görkəmli muğam ustadlarının büstlərinin qoyulması bu sənətin təbliğinə xidmət edir.
Heydər Əliyev Fondunun təşəbbüsü və bilavasitə rəhbərliyi altında Beynəlxalq Muğam Mərkəzində ənənəvi olaraq keçirilən Beynəlxalq Muğam Festivalı və Muğam Televiziya Müsabiqəsi barədə danışan Əbülfəs Qarayev qeyd etdi ki, bu tədbirlər dünya miqyasında muğam ifaçılarının, muğamsevərlərin və xüsusilə bu musiqiyə həyatını həsr etmiş elm adamlarının, ekspertlərin şəbəkəsini formalaşdıra bilib. Bu layihələrin özünəməxsusluğu onların sırf muğam aləminə, muğam fenomeninə həsr olunması ilə bağlıdır. Mərkəzdə mütəmadi olaraq görkəmli sənət ustalarının xatirə gecələri, yubiley tədbirləri keçirilir. Bütün bunlar Azərbaycan muğam sənətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə, hərtərəfli öyrənilməsinə və təbliğinə xidmət edir.
Nazir diqqətə çatdırdı ki, bu il də Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından əlamətdar olub. “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylı isə çoxmillətli mədəniyyət nümunəsi kimi təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Daha sonra tədbir muğam konserti ilə davam etdi. Konsert proqramında Babək Niftəliyev, Səbuhi İbayev, Ehtiram Hüseynov, Kamilə Nəbiyeva, Səbinə Ərəblinin ifasında muğam və təsniflər alqışlarla qarşılandı. 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə