Azərbaycanın efirində ilk ulduz

Fevralın 14-də Azərbaycan Televiziyasının (AzTV) 60 yaşı tamam olur. Ölkənin efir məkanında parlayan ilk ulduz kimi yaddaşlara yazılan milli televiziyamız Azərbaycan Radiosundan 30 il sonra – 1956-cı ildə fəaliyyətə başlayıb. AzTV yarandığı vaxtdan ətrafına böyük tamaşaçı auditoriyası toplaya bilib, sanballı, cəlbedici verilişləri ilə insanların rəğbətini qazanıb. Televiziyanın tarixinə nəzər saldıqda onun bu illər ərzində keçdiyi böyük inkişaf yolu, qazandığı uğurlar kino lenti kimi göz önündə canlanır.
Azərbaycan Televiziyasının ilk efir gününü xatırlayanlar o həyəcanı yenidən yaşayırlar. Lakin kadrarxası proseslərdən yəqin ki, çoxlarının xəbəri olmayıb. Televiziyamızın tarixçəsi də onun özü qədər əhəmiyyətli, diqqəti çəkəndir. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb. Bina üçün şəhərin ən hündür məkanlarından birində yer seçilib. Sonradan bu ünvan Mehdi Hüseyn, 1 adlanıb. İnşaatçı və mütəxəssislərimizin rusiyalı həmkarları ilə birgə ərsəyə gətirdikləri telemərkəz 1955-ci ilin sonunda təhvil verilib.
Hamının böyük səbirsizliklə gözlədiyi ilk veriliş günü “mavi ekran”da gənc aktrisa Nəcibə Məlikova görünüb. Onun dilində səslənən “Göstərir Bakı!” sözləri ilə Azərbaycanın efir məkanında ilk ulduzun doğulduğu bəyan olunub. Nəcibə xanım tamaşaçıları milli televiziyamızın fəaliyyətə başlaması münasibətilə təbrik edib və bunun ardınca efirdə “Bəxtiyar” bədii filmi nümayiş olunub.
Azərbaycan Televiziyası mürəkkəb və şərəfli inkişaf yolu keçib. Fəaliyyətinin ilk mərhələsində televiziya sahəsində mütəxəssislər olmadığından, burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilib. Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə iki saatlıq proqramla efirə çıxıb. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış olmadığı üçün studiya əsasən retranslyator kimi fəaliyyət göstərib. Seçim də zəngin olmayıb: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilib, diktor qəzetlərdən qısa xəbərlər oxuyub. Televiziyada ilk diktorlar 1956-cı ilin mayında görünməyə başlayıblar. Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Rəna Nəsirova, Sima Xasıyeva, Nizami Məmmədov və başqaları “mavi ekran”da tamaşaçılarla ünsiyyət yaradıblar. Sonradan televiziyada yeni diktorlar nəsli meydana gəlib. Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Gülşən Əkbərova, Davud Əhmədov kimi istedadlı diktorlar yetişib.
1957-ci ildən Azərbaycan televiziyası həftədə beş dəfə efirə çıxıb və yalnız 1962-ci ildə gündəlik yayıma başlayıb. İldən-ilə təkmilləşən milli televiziyamız 2005-ci ilin yanvarından 24 saatlıq fasiləsiz yayıma keçib və həmin ilin martından fəaliyyətini Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti kimi davam etdirir.
Cəsarətlə demək olar ki, Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu, müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq göstərib. 1991-ci ildə AzTV rəhbərliyinin təşəbbüsü ilə ölkə teleməkanında ilk özəl studiya - “215 KL” adlı studiya yaradılıb. Sonrakı illərdə Azərbaycan teleradiosunda yetişən peşəkarlar özəl televiziya və radioların qurulması prosesində fəal iştirak ediblər.
Bu gün geniş tamaşaçı auditoriyasına malik AzTV-nin verilişləri peyk vasitəsilə dünyanın bir çox yerlərində yayımlanır. Bir sıra ölkələrdə onun müxbir məntəqələri fəaliyyət göstərir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və təbliğində ilk milli televiziyamızın rolu danılmazdır. Avropaya yayımın texniki səviyyəsinə görə Azərbaycan Televiziyası 2007-ci ildə “Avropa keyfiyyəti” medalına layiq görülüb.
Son illər AzTV-də aparılan ciddi islahatlar nəticəsində yeni proqramlar, verilişlər, tamaşalar meydana gəlib, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb edilib, efirə və kanalın infrastrukturuna planlı şəkildə kapital qoyuluşu həyata keçirilib, bir sıra yeni studiyalar yaradılıb. Hazırda Azərbaycan Televiziyasında rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, maraqlı sənədli və bədii filmlər nümayiş etdirilir.
Əminliklə söyləmək olar ki, ilk milli televiziyamız bundan sonra da tamaşaçılara bir-birindən maraqlı tele-layihələr təqdim edəcək, rəngarəng proqramlarla efir məkanında liderlik mövqeyini qoruyub saxlayacaq.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə