Uşaq sairəsi Xanımana Əlibəylinin əsərləri -
Uşaq sairəsi Xanımana Əlibəylinin əsərləri

HACILEYLƏK ƏFSANƏSİ
 
Tülkünün düşür gözü
Bulaqda bir leyləyə.
Daha ötməyir sözü,
Qalır axı neyləyə?..
Ayağına daş vurur
Su içində bulaqdan.
Bir ayaq üstə durur
Hacıleylək o çağdan.
 
 
 
RAKETİM
 
Bax, dan yeri sökülür,
Raketim uçur aya.
Ağ buludlar tökülür
Üstümə taya-taya.
Kimsə durdu yolumda,
Qoymadı keçim aya.
Tullanır sağ solumda,
Oxşayır əjdahaya.
Parıldadı qılıncım,
Dayanmaq olmaz daha.
Doğrandı xıncım-xıncım,
Yeddi başlı əjdaha.
Qapı açıldı tay-tay,
Girdim ayın içinə.
Gördüm bura gəlib yay,
Başlayıblar biçinə.
Bir sürü qanadlı at
Dəydi mənim gözümə.
Yüyürərək o saat,
Bir at tutdum özümə.
Başına sünbül hördüm,
Minib çapdım o atı.
Heyf, yuxuda gördüm
Bu yaxşı əhvalatı.
 
İKİ BADAM AĞACI
 
İki badam ağacı
Durub yolda lal kimi.
Biri – badamı acı,
O birisi – bal kimi.
Birisi acı zəhər,
Yeyilməyən badamdır.
O birinin hər səhər
Altı dolu adamdır.
O bütün uşaqları
Toplayır öz başına,
Paylayır dadlı barı
Dostuna, yoldaşına.
Qəlbi sevinclə dolur,
Əziz balalar, bilin, –
Dostu necə çox olur
Dünyada şirindilin!
 
QIZIL ŞAR
 
Gün çıxdı qıpqırmızı,
Qızıl don geydi Xızı.
Alışdı göydə par-par
O yupyumru qızıl şar.
Şüşəbəndə düşdü zər,
Yuxudan durdu Azər.
Yoxladı sağ-solunu,
Tez qaldırdı qolunu.
Birbaş günəşə sarı,
İstədi tutsun şarı.
 
YAĞIŞ YAĞIR
 
Hələ səhər açılmamış
Şırıltıyla yağır yağış.
Göylər buludları sağır,
Yağış yağır, yağış yağır.
O çəp yağış yağa-yağa,
Bir sərinlik düşər bağa.
Sərv ağacı, söyüd və şam
Hey yuyunar səhər-axşam.
Yorulmadan təbil çalar,
Uzun-uzun navalçalar.
 
LƏLƏKLƏR
 
Sahildən Elxan bala,
Yığdı bir dəstə lələk.
Qucağından az qala,
Qapıb qaçmışdı külək.
Doldu onun gözləri,
Dedi: – Vermərəm sənə,
Qağayılar özləri,
Atıblar göydən mənə.
Evdə, döşəmə üstə
Düzəltdi dəniz, qaya.
O atdı dəstə-dəstə
Lələkləri havaya.
 
GÜNƏŞİM
 
Anam qəşəng geyindi.
Ağ idi onun donu.
Nənəm baxıb sevindi,
«Maral» çağırdı onu.
Yox, qoy anama baxıb,
Gözəl ad fikirləşim.
Yaxasına gül taxıb,
Ona deyim «Günəşim!»
 
İYDƏ AĞACI
 
Pirşağıda sahil bağı,
Olub sənin yuvan, yurdun.
Tellərinə səhər çağı,
Sən nə yaxşı ətir vurdun.
Yel əsdi ağ yarpaqların
Əziləcək, büzüləcək.
Yaz bayramı şirin barın
Xonçalara düzüləcək.
Uzaqdan tanıdım səni,
İydə ağacıdır adın.
Yenə səhər-səhər məni,
Xoş ətrinlə salamladın.
 
ŞƏNLİK
 
Şənlik var təzə ildə
Balaca Elxangildə.
Əlvan lampalar yanır,
Yolkası işıqlanır.
Nəğmə oxuyur ana
Öz balası Elxana.
Atıb tutanda dəfi,
Parıldayır sədəfi,
Fındıqça çala-çala
Oynayır Elxan bala.
 
QARĞA
 
O palıddan şamacan
Yüz dəfə uçub azı.
«Qarr!» deyir axşamacan,
Heç ağrımır boğazı.
«Qarr… qarr… qarr!»
Əlbət deyir: «Yağsın qar»,
Çoxlu qar düşsün bağa.
Qarğanın da xoşu var
Qartopu oynamağa.
 
XƏRÇƏNG VƏ BALIQ
 
Xərçəng dedi balığa:
– Nə girmişik bu lığa,
O gözəl sahil bizim…
Sudan çıxaq, əzizim!
Balıq gəlmişdi təngə,
Baxıb, dedi xərçəngə:
– Yox, məni tutma dilə,
Get, özün çıx sahilə.
Səsini yavaşladı,
Xərçəng yenə başladı:
– Oynayarıq o qəşəng,
Sahildə gəzə-gəzə.
Balıq dedi: – A xərçəng,
Anam vermir icazə.
 
ANA VƏ BALA
 
Qucağında Elxana
Belə söyləyir ana:
– Buludlar ala-ala,
Sənə baxırlar, bala.
O çinar kimi böyü,
Gəzib, seyr elə göyü.
Baş vur dumana, çənə,
Yerdən baxarıq sənə.
Qoy şad olsun bu kəndim,
Mənim şəkərim, qəndim.
 
AYIDAĞ
 
Krımda bir dağ vardır,
Onun adı Ayıdağ.
Qışda üstü ağ qardır,
Yayda isə göy otlaq.
Coşub, daşsa da sahil,
Ayının yox qorxusu.
Əyilərək elə bil,
O, dənizdən içir su.
Döşündədir ən qəşəng,
Uşaq dolu düşərgə.
Gülləri var rəngbərəng,
Kolları cərgə-cərgə.
Nəğmə deyir o xoşbəxt
Uşaqlara daş ayı.
Aptekdə keçir hər vaxt
Ömrünün qışı, yayı.

 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə