Azərbaycandan dünyaya multikulturalizm mesajı

Dünyamızın gələcəyi mədəniyyətlərin dialoqundan, fərqlilikləri ayrılıq deyil, zənginlik kimi görmək bacarığımızdan asılıdır
BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi beynəlxalq birliyin Azərbaycana etimadının və ölkəmizdəki multikultural mühitə verdiyi dəyərin göstəricisidir
Tarixi İpək Yolu üzərində, Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əsrlər boyu fərqli sivilizasiyaların bir araya gəldiyi, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin sülh, anlaşma və dialoq şəraitində yaşadığı məkan kimi tanınmışdır. Əlverişli coğrafi şəraiti, təbii imkanlar, münbit və bərəkətli torpaq, ən əsası isə, Azərbaycan xalqının səmimiyyəti, xoşniyyətlik və mehribançılığı burada ayrı-ayrı etnosların birlikdə yaşamasını şərtləndirmişdir. Bu birgəlik tarixdən bu günümüzə genişlənərək heç kimsənin milli-mənəvi baxımdan assimilyasiyası ilə nəticələnməmiş, əksinə, dini və milli-etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs mövcud mədəni zənginlikdən bəhrələnmişdir.
Ölkəmiz bu gün də güclü tarixi bünövrəsi olan multikultural ənənələrə sadiqdir. İslam Əməkdaşlıq Təşkilatının və Avropa strukturlarının üzvü olan Azərbaycan Respublikası mədəniyyət, din və sivilizasiyaların dialoqunun inkişaf etdirilməsinə yönəlmiş mühüm layihələrin, qlobal təşəbbüslərin, beynəlxalq forumların həyata keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, Bakı Qlobal Forumu artıq ənənə halını almışdır. Bu günlərdə ölkəmiz həmin təcrübəni daha bir dünya miqyaslı tədbirlə zənginləşdirəcək – aprelin 25-dən 27-dək Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək.
Bu barədə qərar 2014-cü il sentyabrın 26-da BMT Baş Assambleyasının 69-cu sessiyasında qəbul olunmuşdur və dünya birliyinin bizə yüksək etimadı, ölkəmizdəki multikultural mühitə münasibətinin göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirin ölkəmizin beynəlxalq nüfuzunun təsdiqi baxımdan əhəmiyyətini vurğulayaraq demişdir: “Dünya miqyaslı bu beynəlxalq forum Birləşmiş Millətlər Təşkilatının fəal iştirakı və dəstəyi ilə keçirilən tədbirlərdən biridir və mən çox şadam ki, builki Qlobal Forum məhz Azərbaycanda keçiriləcək. Sözügedən tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanda bu istiqamətdə həyata keçirilən işlərin BMT tərəfindən yüksək qiymətləndirilməsinə dəlalət edir. Bildiyiniz kimi, Bakı şəhəri ənənəvi olaraq humanitar forumlara ev sahibliyi edir və biz artıq bir neçə dəfə mədəniyyətlərarası dialoq mövzusunda təşkil olunan ümumdünya forumlarına ev sahibliyi etmişik. Sivilizasiyalar Alyansının Qlobal Forumunun paytaxt Bakı şəhərində keçirilməsi isə bizim üçün böyük şərəfdir və bizə yüksək dəyər verildiyini bir daha təsdiq edir”.
Öz növbəsində ölkəmiz beynəlxalq birliyin bu dəyər və etimadına multikultural zənginlik, tolerantlıq mühiti üzərində təşəkkül tapan tarixi irsi, eləcə də dialoq, anlaşma və birgəyaşayış fəlsəfəsinin çağdaş örnəyi ilə cavab verir. Ölkə başçısının 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi də bunun təsdiqi və dünyaya ünvanlanan mesajdır. BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi edən ölkənin həmin ili forumun ideyalarına həsr etməsi təşkilatın tarixində bir ilkdir.
Amma Azərbaycanın tarixində belə ilkləri, örnəkləri, böyük mütəfəkkirlərimizin dilindən dünyaya dostluq, barış yayan çağırışlarını çox saymaq olar.
* * *
Bu gün dünyanın ən böyük mənəvi ehtiyacı qarşılıqlı şəfqət, xeyirxahlıq, anlaşma və dialoqdur. Bu dəyərlərin hamısı tarixən bu torpaqda, son tikəsini qonşusu, müsafiri ilə bölüşəcək qədər alicənab və xoşniyyətli olan Azərbaycan xalqının mənəviyyatında təşəkkül tapmışdır. Bu gün dünyanın dörd yanından tədqiqatçılar, siyasilər, dövlət adamları tolerantlıq mühitinin nümunəsini görmək, dialoq yollarını qovuşdurmaq, mədəniyyətləri paylaşmaq üçün bu torpaqda bir araya gəlməsi təsadüfdürmü? Əlbəttə, deyil. Çünki tariximizdə zamanın sınağından keçmiş bir mənəviyyat qatı var. Ölkəmizdə mövcud olan multikulturalizm dəyərlərinin qaynağı da bu qatdadır.
Dünya poeziyasının günəşi Nizami Gəncəvi səkkiz əsrdir ədəbi irsi ilə insanları dialoqa, bəşəri birliyə, humanizmə səsləyir. Dahi mütəfəkkir-şairin “Nifaq olan yerdə fəlakət də var, Səadət günəşi birlikdən doğar” misraları dünyanı bürüyən etnik və dini qarşıdurmalara, hegemonluq ambisiyalarına çox tutarlı, müdrik cavabdır. Nizamidən üzü bəri bəşəriyyəti mehriban ünsiyyətə dəvət edən, müharibələrə qarşı etiraz səsini ucaldan bir çox mütəfəkkirlərimiz olmuşdur, xalqımızın sahib olduğu sülhpərvərliyi, tolerant dəyərlərini ifadə etmişlər.
“Qəlblər yaxşılıq edənə doğru məhəbbətlə meyl edər. Yaxşılıq, barışmaq məhəbbətdən yaranar. Bir-birinizlə paylaşın və bir-birinizi sevin” - altı yüz il öncə bu torpaqda yaşayıb-yaratmış böyük sufi filosofu Seyid Yəhya Bakuvi bu sözlərlə insanları dostluğa, ilahi eşqdən qaynaqlanan sevgi və anlaşmaya, çağdaş zamanın istilahı desək, tolerantlığa çağırmışdır. Altı əsr sonra Bakuvinin ideyaları qarşılıqlı hörmətə, şəfqətə, barışa ehtiyac duyan bugünkü dünyamızda xüsusilə aktualdır. Onun bəşəriyyətə səsləndiyi bu şəhər, bu torpaq da, əsrlər öncə olduğu kimi, dünyaya tolerantlıq nümunəsidir, sivilizasiyaların uzlaşdığı məkandır.
Azərbaycan tarixən əcnəbi alim və səyyahların diqqət mərkəzində olmuş, adət-ənənələri, mətbəxi, əsrarəngiz təbiəti ilə onları cəlb etmişdir. Onlar burada şahidi olduqları maddi-mənəvi zənginlikdən söz açarkən iki önəmli nüansı da vurğulamışlar: istiqanlılıq və qonaqpərvərlik. Məhz bu mühüm keyfiyyətlərin mövcudluğu yetərli idi ki, müxtəlif xalqların nümayəndələri burada tolerantlıq mühitində, rahat şəkildə yaşayıb fəaliyyət göstərsinlər. Bütün bu münbit şəraitin nəticəsində ölkəmizdə məskun olan azsaylı xalqlar çoxəsrlik ənənələrini, mədəni özünəməxsusluqlarını qoruyub saxlamışlar.
XIX əsrin sonu - XX əvvəlində yaşanan neft bumu bir çox ölkələrdən fərqli dini, milli mənsubiyyətli insanları – sahibkardan fəhləyə, mühəndisdən memara, incəsənət xadimindən ədəbiyyatçısınadək - hər kəsi, mədəni müxtəlifliyi bir araya gətirmişdi. Ayrı-ayrı dinlərin məbədlərinin yanaşı olduğu, muğam zəngulələri ilə klassik musiqinin həmahəng səsləndiyi, Avropa memarlığı ilə Şərq üslubunun bir-birini əvəzlədiyi şəhər, sözün əsl mənasında, multikulturalizm mərkəzi idi. Dahi Üzeyir Hacıbəylinin müsəlman Şərqinə bəxş etdiyi ilk opera da 1908-ci ildə burada meydana gəldi. Bu eyni zamanda, Avropa, dünya musiqi xəzinəsinə bəxş olunan ilk muğam operası, Şərq və Qərb musiqisinin, mədəniyyətlərinin dialoqu, dəyərlərin qovuşması idi.
Azərbaycan xalqının mənəviyyatında hər zaman aparıcı olmuş tolerantlıq mühiti XX əsrin əvvəlində milli dəyərləri saxlamaqla modernləşmə xətti seçmiş ziyalı fikrimizin məhək daşı olmuşdur. Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin “türkçülük, çağdaşlıq və islamiyyət” məfkurəsi üzərində qurulan Azərbaycan Xalq Cümhuriyyəti sivilizasiyalararası dialoqun bir ölkə timsalında təcəssümü idi. Müsəlman dünyasında ilk parlamentli respublika yaradan Azərbaycan xalqı bununla əsrlərin ziddiyyət girdabında olan Qərb-Şərq münasibətlərinə yeni tarixi örnək vermiş oldu. “Cümhuriyyəti yaratmaq üçün Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onların əksəriyyəti Avropada təhsil almış, dünya mədəniyyətini mənimsəmiş insanlar idilər. Onlar milli şüurun oyanmasına, milliliyin yüksəlməsinə böyük xidmətlər etmişlər” – ulu öndər Heydər Əliyev Cümhuriyyət qurucularını minnətdarlıq hissi ilə yad edərkən bu fikri xüsusi vurğulamışdı.
* * *
Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, müstəqil respublikamızın dünya birliyinə inteqrasiyasının, yeni inkişaf strategiyasının banisi olmaqla bərabər, eyni zamanda, Azərbaycanda multikulturalizmin dövlət siyasətinə çevrilməsinin əsasını qoymuşdur. Heydər Əliyev 1993-cü ilin 15 iyununda ölkə rəhbərliyinə qayıtdığı gün, Milli Məclisdə etdiyi ilk çıxışında bu məqamı xüsusi vurğulamış, respublikadakı çoxmillətliliyi Azərbaycanın sərvəti adlandırmışdı:
“Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib”.
Ulu öndərin ümumdövlət məfkurəsi səviyyəsinə yüksəltdiyi azərbaycançılıq ideyası da mahiyyət etibarilə milliliyin və bəşəriliyin təcəssümüdür. Bu ideya heç bir halda milli təcridolunmanı təlqin etmir, o, təkcə milli kimliyin ifadəsi, xalqın mənəvi irsinə hörmət, onun təbliği və tərənnümü demək deyil, eyni zamanda dünya irsinə, ümumbəşəri dəyərlərə açıqdır. O deyirdi: “Biz həm milli tariximizdən aldığımız mənəvi sərvətlərdən istifadə etməli, həm də bəşəriyyətin yaratdığı mənəvi dəyərlərə yiyələnməliyik”.
Bu baxımdan Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkəmizdəki bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir.
Bu yerdə bir məqamı xüsusi vurğulamaq istərdim. Azərbaycandakı polietnik zənginliyi, mədəni müxtəlifliyi özündə ehtiva edən azərbaycançılıq ideyası şovinist, monoetnik Ermənistanla apardığımız informasiya savaşında bizim güclü təbliğat silahımızdır. Ksenofobiya və özünütəcrid üzərində köklənən ermənilik ideologiyasının tam əksinə azərbaycançılıq mütərəqqi bəşəri dəyərləri təcəssüm etdirən vətənpərvərlik məfkurəsidir. Onun kökündə başqa xalqlarla sülh içində yaşamaq fəlsəfəsi dayanır. Bu, ölkəmizdəki müxtəlifliyi, fərqlilikləri ayrılıq deyil, zənginlik olaraq görən, müasir dünyanı təhdid edən etnik, dini zəminli ayrı-seçkiliyə qarşı Azərbaycan nümunəsidir.
* * *
Çoxmədəniyyətliliyin, milli-etnik zənginliyin örnəyi və Şərqlə Qərbin ortaq dəyərlər modeli kimi Azərbaycan bu gün də dünyada mədəniyyətlərarası dialoqun, multikulturalizmin yayılmasına xidmət edən qlobal təşəbbüslərin müəllifi və əsas icraçısı kimi layiqli rol oynayır. Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilmişdir və bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə dəstəyin bariz nümunəsidir.
Azərbaycan dövləti və şəxsən ölkə başçısı İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” kimi qlobal bir təşəbbüs irəli sürülmüşdür. 2008-ci ilin 2-3 dekabrında Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsi də dəvət olunmuş və bununla yeni bir formatın əsası qoyulmuşdur. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın təmsil olunduğu konfransda ölkəmizin təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı bəyannaməsi” qəbul edildi.
“Bakı prosesi”nin davamı olaraq 2009-cu ilin oktyabrında paytaxtımızda keçirilmiş islam ölkələri mədəniyyət nazirlərinin VI konfransına 10-dan artıq Avropa dövləti də dəvət edildi. Azərbaycan tərəfindən atılan bu addımlar beynəlxalq tədbirlərin iştirakçılarının tərkibinin müəyyənləşdirilməsinə yeni ənənələr gətirmiş oldu.
2010-cu ildə isə bu təşəbbüs qlobal hərəkata çevrilməyə başladı. 2010-cu il sentyabrın 23-də BMT Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda ilk Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini elan etdi və 7-9 aprel 2011-ci il tarixində forum ölkə başçısının himayəsi altında yüksək səviyyədə gerçəkləşdi. 100-dən çox ölkənin təmsilçilərini bir araya gətirən tədbir mədəniyyətlərarası dialoq üzrə dünya miqyaslı yeni bir formatın əsasını qoydu. Ölkə başçısının müvafiq fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi iki ildən bir təşkil olunacaq tədbirin əlaqələndirici qurumu müəyyən edildi.
2013-cü ilin 29-31 mayında “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizi ilə II Forum, 18-19 may 2015-ci il tarixində isə “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altında III Forum uğurla gerçəkləşdi. Qeyd etmək lazımdır ki, bu tədbirlərin hər üçündə indi Bakıda VII Qlobal Forumunu keçirməyə hazırlaşdığımız BMT-nin Sivilizasiyalar Alyansı, eləcə də UNESCO, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO kimi beynəlxalq təşkilatlar əsas tərəfdaş kimi çıxış etmişlər. Bu fakt, bir tərəfdən, ölkəmizin multikulturalizm və mədəniyyətlərarası dialoqa dəstək siyasətini beynəlxalq gündəlikdə saxlamaqla tədbirə unikal platforma mahiyyəti verir, digər tərəfdən adıçəkilən beynəlxalq qurumların – ümumilikdə dünya birliyinin qarşısında dayanan çağdaş qlobal çağırışların mahiyyətinin eyni olduğunu göstərir.
* * *
BMT-nin Sivilizasiyalar Alyansı da 2005-ci ildə məhz bu çağırışlara cavab olaraq formalaşmışdır. BMT-nin o vaxtkı baş katibi Kofi Annan tərəfindən Türkiyə və İspaniya baş nazirlərinin birgə dəstəyi ilə irəli sürülən təşəbbüs tezliklə 100-dən çox ölkənin qoşulduğu beynəlxalq təsisata çevrilmişdir. Ölkəmiz də bu prosesə öz dəstəyini vermişdir. Çünki bu gün multikulturalizm, mədəniyyətlərin dialoqu və tolerantlıq dünyanın gələcəyi üçün alternativi olmayan dəyərlərdir. Azərbaycanın mədəniyyətlərarası dialoqda oynadığı rol, müəllifi olduğumuz təşəbbüslər də dünyada sülhün, əmin-amanlığın bərqərar olması, sivilizasiyalar arasında dialoqun daha da möhkəmləndirilməsi məqsədi daşıyır. Prezident İlham Əliyev bu barədə demişdir: “Azərbaycan xalqları, sivilizasiyaları bir araya gətirməyə çalışır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar. Bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu, bizim böyük sərvətimizdir. Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meylləri stimullaşdırmalıyıq. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub”.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycan bu səpkili tədbirlərlə sadəcə mədəniyyətlərarası dialoqla bağlı çağırışlar etmir, eyni zamanda ölkəmizdə mövcud olan tolerant və qarşılıqlı etimad və anlaşmanın real örnəyini ortaya qoyur. Ölkəmizdə multikulturalizmin möhkəm sosial bazası ilə yanaşı, müvafiq hüquqi təsisatları da var. Ölkə Prezidentinin müvafiq fərman və sərəncamı ilə 2014-cü ildə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilmiş, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır.
BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu bu sahədə Azərbaycan örnəyini nümayiş etdirməklə bərabər, hazırda dünyada baş verən prosesləri qiymətləndirməyimiz üçün mühüm bir imkandır. Təəssüflə qeyd etməliyik ki, bu gün dünyada etnik və dini zəminli qarşıdurmalarla müşayiət olunan neqativ proseslərin çoxu ayrı-ayrı xalqlara xas olan və əsrlər boyu formalaşmış mədəni ənənələri, dəyərləri, baxışları, həyat tərzini, dini postulatları yetərincə düzgün başa düşməməyin nəticəsidir. Yalnız dialoq, qarşılıqlı ünsiyyət bir-birimizi daha yaxşı anlamağa, münaqişələrin səbəblərini təhlil etməyə, yaranmış mürəkkəb vəziyyətdən birgə çıxış yolları tapmağa kömək edə bilər.
Qlobal Forumun mövzusu da bu məram üzərində köklənmişdir: “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd”. Forum “birgə yaşayış” məfhumunun “inklüziv” cəhətini vurğulamaqla, çağdaş dövrün getdikcə daha da müxtəlifləşən cəmiyyətlərində hər kəsə bərabər imkanların təmin olunduğu yaşayış tərzinə dair çağırışın səslənməsini və bu istiqamətdə irəliləyişin əldə olunmasını təmin etmək üçün müxtəlif sektorların çoxsaylı perspektivlərini gündəmə gətirəcək.
* * *
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 iyul tarixli sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır. Qeyd etmək istərdim ki, Qlobal Forum indiyədək ölkəmizdə keçirilən bu qəbildən beynəlxalq tədbirlər arasında ən genişmiqyaslısı olacaq. Forumda BMT-nin yüksək vəzifəli əməkdaşları, bir neçə ölkənin dövlət və hökumət başçısı, ümumilikdə 146-dan çox ölkədən 2000 nəfərə yaxın iştirakçı, o cümlədən siyasi liderlər, eləcə də beynəlxalq və regional təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, elmi dairələr, gənclər, incəsənət aləmi və kütləvi informasiya vasitələrinin, habelə donor agentlikləri və fondların nümayəndələri qatılacaq.
Beynəlxalq forum çərçivəsində gənclər üçün tədbirin keçirilməsi də nəzərdə tutulur. Bunun üçün müxtəlif ölkələrdən tədbirə qoşulmaq arzusunu bildirən 7 min nəfər arasından 250 iştirakçı seçilib. Bu işə BMT-nin tərəfdaşları olan biznes strukturlarının, mədəniyyət və mədəniyyətlərarası dialoq sahəsində layihələrin həyata keçirilməsinə kömək edən şirkətlərin də qoşulması gözlənilir. Dünyanın 100-dən çox tanınmış şirkətinin iştirakı ilə Qlobal Forum tarixində ilk dəfə olaraq biznes simpoziumu da keçiriləcək.
Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində gerçəkləşəcək forumun toplantıları beynəlxalq televiziyalar və internet vasitəsilə 6 dildə canlı yayımlanacaq. Forumda mətbuat üçün də əhatəli proqram nəzərdə tutulub. Bura həm forumun işıqlandırılması, həm də mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət məsələlərində beynəlxalq informasiya agentliklərinin rolunun müzakirəsinə həsr edilmiş seksiyalar daxildir.
Qlobal Forumunun gündəmi və müzakirə mövzuları kifayət qədər genişdir.
Üç gün ərzində “Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər”, “Vətəndaş cəmiyyəti və biznes: sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyət”, “Nifrət çıxışlarının qarşısının alınması və bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi”, “Tətbiqi proqramlar və video-oyunlar vasitəsilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri”, “Münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu”, “Davamlı və inklüziv inkişaf naminə idman”, “Qlobal miqrasiya prosesində şəhərlərin rolu”, “Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu”, “Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu”, “Birgəyaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi”, “Bakı prosesi: qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışların cavablandırılması”, “Media peşəkarlığı: zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr”, “Ekstremizmin qarşısını almaq üçün çoxmədəniyyətli (multikultural) cəmiyyətin formalaşdırılması perspektivlərinin təşviqi” və digər mövzularda seminarlar keçiriləcək.
Tədbirin yekununda birlikdə “Bakı bəyannaməsi” qəbul olunacaq. Bəyannamənin layihəsi BMT-nin qərargahında müzakirə olunmuş, alyansın üzvü olan bütün ölkələrin rəsmi nümayəndələrinə təqdim edilmişdir.
Əminliklə demək olar ki, Qlobal Forum mədəniyyətlərarası dialoq və anlaşmanın yeni yollarını tədqiq etmək, yeni tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini təşviq etmək istiqamətində mühüm beynəlxalq hadisə olacaq. Tədbir çərçivəsində faydalı əlaqələrin qurulması məqsədilə keçirilən toplantılar forumun məqsədlərini genişləndirmək üçün mövcud və gələcək tərəfdaşlar arasında əməkdaşlıq imkanlarının tədqiqi baxımından da əlavə imkan yaradacaq.
İnklüziv cəmiyyətlərdə birgəyaşayış həm də BMT-nin sülh və əmin-amanlıq, insan haqları və inkişaf kimi üç əsas prinsipi ilə üst-üstə düşür. Bərabər siyasi və iqtisadi yaşam tərzinə imkan yaradan cəmiyyətlər həm hakimiyyət, həm də sərvət uğrunda mübarizəyə qoşulan insanlara qarşı zorakı yanaşma tərzinin məntiqi əsaslarını minimuma endirir. Tolerantlıqdan əlavə, inklüziv cəmiyyətlərdə milli azlıqların insan haqlarına hörmət göstərilməsi həmin milli azlıqların yaşadıqları cəmiyyətlərdə özlərini tam və bərabərhüquqlu üzv kimi hiss etməsinə kömək edir. Bunun əksinə olaraq, ayrı-ayrı insanlar və icmalar öz təhlükəsizlikləri və ictimai həyatda tam iştirak imkanları xüsusunda getdikcə daha çox qeyri-müəyyənliklə rastlaşdıqları zaman, etimadsızlıq halları baş verir. Ümumiyyətlə, cəmiyyətdən təcridolunma və sosial narazılıq insanlarda çaşqınlıq hissini gücləndirir və buna görə də bu cür hallar radikal düşüncə tərzlərini qidalandıraraq insanları, xüsusilə də gəncləri zorakı ekstremizmə sövq edir.
Bu baxımdan forumun ev sahibi olaraq Azərbaycan fərqli mədəniyyətə, dini dünyagörüşünə malik insanların əsrlər boyu birgə yaşadıqları inklüziv ölkə modelidir. Azərbaycan xalqının tarixi tolerantlığı və digər xalqlara münasibətdə göstərdiyi anlayış, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi rəhbərliyi sayəsində müxtəlif dini və etnik mənsubiyyəti olan insanlar bu ölkənin inkişafı naminə bir yerdə, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayırlar. Eyni zamanda həm islam, həm də Avropa təşkilatlarının üzvü olan Azərbaycan hər iki sivilizasiyanın mədəni-mənəvi dəyərlərini qəbul edərək “sivilizasiyalararası körpü” rolunu oynayır. Bu gün Azərbaycan malik olduğu möhkəm mədəni ənənələr əsasında müasir dünyəvi dövlət quruculuğunun nümunəsi olmaqla yanaşı, sivilizasiyaları bir-birinə yaxınlaşdırmağa, qlobal miqyasda qarşılıqlı anlaşma atmosferini yaratmağa da öz töhfəsini verir.
Müasir dövrün və qədim tarixin maraqlı vəhdəti ilə yaşayan Bakı bu gün həm də dünyanın ən multikultural şəhərlərindən biridir. 2015-ci ildə tarixdə ilk dəfə Avropa Oyunlarına ev sahibliyi etmiş şəhər gələn il IV İslam Həmrəylik Oyunlarını qəbul edəcək.
Azərbaycan dünyanın müxtəlif bölgələrindən insanları dəvət edərək daha yaxşı anlaşma və dinc əməkdaşlıq naminə dialoq yaratmaq ənənəsinə malikdir. Səkkiz ilə yaxındır davam edən “Bakı prosesi” mədəniyyətlərarası dialoqun gücünü təsdiqləyərək nümayiş etdirir ki, bu qəbildən olan görüşlər bütün insanları bir-birinə daha da yaxın edir, faydalı mədəniyyətlərarası və inklüziv münasibətlər üçün lazımi şərait yaradır.
* * *
Beynəlxalq tədbir çərçivəsində qonaqların ölkəmizin mədəniyyət ocaqları, tarixi məkanları ilə tanış olması və Azərbaycanı daha yaxından tanımaları məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif mədəni proqramlar da nəzərdə tutulmuşdur. Bu gün Azərbaycanın zəngin mədəni irsi dünyanın dörd bir yanında yüksək səviyyədə təqdim və təbliğ edilir. Mədəniyyət ölkənin ən güclü elçisidir. Dövlətin bu işə xüsusi dəstəyi, Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə həyata keçirdiyi mədəniyyət layihələri multikultural Azərbaycanın dünyada daha geniş tanınmasına xidmət edir. Heydər Əliyev Fondunun Azərbaycan mədəni irsinə göstərdiyi diqqətlə yanaşı, bir sıra xarici ölkələrdə qədim mirasın bərpası və qorunmasına verdiyi töhfələr də mədəniyyətlərin dialoqunun bariz nümunəsidir. Bu bir daha onu göstərir ki, Azərbaycan mədəniyyət məfhumuna qlobal kontekstdə yanaşır.
İnanırıq ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da dünyanın yüzdən çox ölkəsinin təmsilçilərinin multikultural zənginliyimizlə tanışlığına, Azərbaycanın mədəni əməkdaşlıqda yeni tərəfdaşlar qazanmasına vəsilə olacaq.
Bu gün tarixin elə bir məqamına yetişmişik ki, dünyanın sürətlə dəyişən hadisələrini çox zaman əvvəlcədən proqnozlaşdırmaq və qiymətləndirmək o qədər də asan olmur. Bunun səbəbi isə milli, mədəni, ideoloji və dini ziddiyyətlərin gündən-günə artmasıdır. Bu zəmində münaqişələr dəhşətli nəticələrə gətirib çıxarır. Bütün bunların qarşısının alınması üçün dünyanın hər yerində tolerantlıq, mehriban birgəyaşayış, qarşılıqlı anlaşmanın təbliği çox önəmlidir. Bəşər tarixi minilliklər boyu saysız-hesabsız müharibələrin şahididir. Amma dünya nə qazanıbsa, mədəniyyətdən qazanıb. Dünyamızın gələcəyi də mədəniyyətlərin dialoqundan, ünsiyyət və anlaşmadan, fərqliliklərimizi ayrılıq deyil, zənginlik kimi görmək bacarığımızdan çox asılıdır.
- Məqalə "Respublika" qəzetinin 22 aprel 2016-cı il tarixli sayında dərc olunmuşdur.

 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə