Azərbaycan Mədəniyyət xadimləri: Asəf Zeynallı -
Azərbaycan Mədəniyyət xadimləri: Asəf Zeynallı

20-ci illərin axırı - 30 - cu illərin əvvələrində Azərbaycan musiqisinin və milli bəstəkarlıq məktəbinin inkişafında A.Zeynallının böyük rolu olmuşdur. O, Konservatoriyanı bitirən ilk Azərbaycanlı bəstəkardır. Çox az yaşamasına baxmayaraq, A.Zeynallı böyük istedada malik bir sənətkar olmuş, Azərbaycan musiqisini qiymətli əsərlərlə zənginləşdirmişdir. O, milli musiqi mədəniyyətində kamera - instumental musiqinin, simfonik musiqinin rüşeymlərinin əsasını qoymuş, milli musiqimizin inkişafinda əlindən gələni əsirgəməmişdir. A.Zeynallı öz yaradıcılığında xalq mahnılarının toplanmasına, nota salınmasına və işlənməsinə xüsusi əhəmiyyət vermişdir.
Onun ictimai fəaliyyəti, musiqi haqqında məqalələri və əsərləri müasir həyatda baş verən hadisələrə cavab kimi səslənir və doğma incəsənətə dərin məhəbbət hissi aşılayır.
Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu ildə Dərbənddə anadan olmuşdur. İlk təhsilini Dərbənd real musiqi məktəbində (klarnet sinfi üzrə), sonra isə Bakıda almışdır. 1923-cü ildə Bakı musiqi texnikumunda təhsil alan Zeynallı 1926-cı ildə Konservatoriyaya əvvəl orkestr sinfinə, sonra isə bəstəkarlıq fakültəsinə daxil olur. Məhz bu illərdə bəstəkarın yaradıcılığı və ictimai musiqi fəaliyyəti çiçəklənməyə başlayır.
Təhsil illərində bəstəkar Ü.Hacıbəylinin rəhbərliyi altında Azərbaycan xalq musiqisinin əsaslarını dərindən öyrənir ki, bu da bəstəkarın bir sıra əsərlərində özünü büruzə verir. Belə ki, A.Zeynallı bu əsərlərdə xalq mahnı intonasiyalarından bəzən sitat şəklində, bəzən isə yaradıcılıq fantaziyası ilə istifadə edir: "Şikəstə" (orkestr üçün xor), "Çahargah", "Durna" (fortepiano üçün), skripka və fortepiano üçün "Muğamsayağı", "Qoyunlar" (violonçel üçün) əsərləri bunlardandır.
20-ci illərin sonunda A.Zeynallı Azərbaycan Satiraqit teatrında musiqi hissəsinin müdiri vəzifəsində çalışır. Az müddət ərzində o, C.Cabbarlının "Hindistan qızı", "Sevil", A.Yankovskinin "Qəzəb" pyeslərinə musiqi bəstəyir.
Konservatoriyanı bitirdikdən sonra bəstəkar iri həcmli əsərlər üzərində işləiyr. Bu illərdə o, musiqi ictimaiyyətində böyük maraq oyadan "Fraqmentlər" simfonik süitasını yazır.
20 - 30-cu illərdə bəstəkar özünün ən yaxşı əsərlərini "Olkəm", "Sual", "Seyran", "Sərhədçilər" romanslarını qələmə alır. Bu əsərlər həqiqətən milli vokal lirikasının əsasını qoyan, onun inkişafı üçün geniş imkanlar açan əsərlər idi.
A.Zeynallı milli musiqimizin təbliğatçısı kimi də fəaliyyət göstərirdi. O, Leninqradın (indiki Sankt-Peterburq), Moskvanın musiqi sevərlərini Azərbaycan bəstəkarlarının yeni əsərlərilə tanış etmişdir. O zaman Leninqradda təhsil alan Niyazinin köməyilə A.Zeynallı 1930-cu ildə Leninqrad Filarmoniyasında konsert təşkil etmişdir.
Bəstəkarın fortepiano ücün "Çahargah", fortepiano və skripka üçün yazılmış "Muğamsayağı" əsərləri ilk dəfə olaraq muğam janrının bədii məzmununun, quruluş xüsusiyyətlərinin bilavasitə bədii yaradıcılıq fantaziyası ilə ümumləşdirilmiş işlənməsidir.
A.Zeynallının fortepiano üçün yazılmış "Uşaq süitası" məcmuəsi də qeyd edilməlidir. Bəstəkar burada sadə cizgilərlə uşaq aləmini böyük həssaslıqla təsvir etməyə nail olur. Əsər "Kuklaların yürüşü", "Uşaq və buz", "Oyun", "Rəqs", "Qoyunlar", "Mubahisə" nömrələrindən ibarətdir.
Bu pyeslərlə A.Zeynallı Azərbaycan musiqisində kamera - vokal, kamera instumental janrların əsasını qoyan bəstəkar kimi tanınmışdır. Vokal əsərlərinin əksəriyyəti qəhrəmanlıq, vətənpərvərlik mövzusuna həsr edilmişdir. Vətənpərvərlik mövzusuna həsr olunmuş "Olkəm", "Sual" romansları ilk milli romans nümunələri olmaqla bərabər, xalq mahnı - muğam ifaçılıq sənətinin tipik ünsürlərini Avropa, rus musiqi ənənələri ilə cilalaşdıran əsərlərdir. "Ölkəm" romansında insan nitqinin xüsusiyyətləri təbii halda melodiyada təsvir edilir. Burada fortepiano partiyası yalnız müşayiət əhəmiyyəti daşımır, vokal partiyası ilə eyni dərəcəli əhəmiyyətə malikdir. A.Zeynallının əsərləri öz bədii təravətini itirməyərək müasir zamanda da sevilə - sevilə oxunur.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə