Azərbaycan Mədəniyyət xadimləri: Fikrət Əmirov -
Azərbaycan Mədəniyyət xadimləri: Fikrət Əmirov

Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov ötən əsrin istedadlı bəstəkarı olaraq dərin dramatizmli əsərlər yaradaraq, milli mədəniyyətimizə yeni nəfəs əlavə etmişdir. Dünyaca məşhur olan sənətkar irsi hər zaman diqqətdədir və tədqiq olunur. Fikrət Əmirov irsinin tədqiqatçısı net-nəşrləri və səsyazmaları şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Tamilla Məmmədova onun yaradıcılıq ştrixlərindəki əsas keyfiyyətləri xarakterizə etdi:
Zəmanəmizin məşhur bəstəkarı Fikrət Əmirovun bəstəkarlıq sahəsindəki yaradıcılığı, ictimai-siyasi fəaliyyəti geniş və rəngarəngdir. Fikrət Əmirovun yaradıcılığı çoxmillətli keçmiş ittifaqın hər yerində, dünyanın bir sıra xarici AHŞ, Fransa, Meksika, Belçika, İngiltərə, Almaniya, Bolrıstan, Çexoslovakiya, Polşa, Rumıniya, Türkiyə, Mərakeş, İran, İsveç, İraq, Misir, Suriya və başqa ölkələrdə geniş tanınmış, böyük dinləyici kütləsinin məhəbbət və hörmətini qazanmışdır.
Musiqi mədəniyyətinin görkəmli xadimləri arasında layiqli yer tutan məşhur sənətkarımız Fikrət Əmirovun yaradıcılığı geniş, bədii maraq dairəsi çoxcəhətlidir. Musiqidə elə bir janr yoxdur ki, bəstəkar ona müraciət etməsin. Əmirov operanın, baletlərin, simfoniyaların, simfonik muğamların, simfonik poemaların, süitaların, kapriççionun, fortopiano üçün konsertlərin, musiqili komediyaların, mahnı və romansların müəllifidir.
Xəlqilik, incəsənətimizin nəcib ənənələrinə əsaslanan vətəndaşlıq pafosu və humanizm ruhu, incə lirizm, səmimilik və emosionallıq onun musiqisinin gözəl xüsusiyyətidir.
Fikrət Əmirov musiqisinin böyük şöhrət tapmasının əsas səbəblərindən biri onun dərin milli zəminə bağlılığıdır. Milli musiqi mədəniyyətinin ilk mənbələrinə yaxınlıq və folklor musiqisinin ülvi surətdə klassik formalara sintezi Fikrət Əmirovu Üzeyir Hacıbəyov ənənələrinin bilavasitə davamçısı kimi səciyyələndirməyə imkan verir. O, Ü.Hacıbəyovun ənənələrini davam etdirməklə, ölkəmizin musiqi mədəniyyətinin inkişafında böyük rol oynamışdır.
Fikrət Əmirov xalqın musiqi dilini, musiqi təfəkkürünü elə dəqiqliklə dərk edirdi ki, onlar bəstəkarın öz üslubunun, musiqi dilinin elementlərinə çevrilirdi. Janrından asılı olmayaraq, Fikrət Əmirovun əsərlərində melodiyanın böyük rolu da onun musiqisinin ən mühüm üslub xüsusiyyəti lirikanın üslünlüyü ilə bağlıdır. Təsadüfi deyil ki, XX əsrin dahi bəstəkarı D.Şostakoviç yazmışdır: “Fikrət Əmirov musiqisinin canı melodiyadadır”.
Fikrət Əmirovu həm simfonik orkestr üçün musiqi, həm də səhnə musiqisi cəlb edirdi. Onun səhnə musiqisi sahəsində ilk örnəkləri “Ürəkçalanlar” və “Gözün aydın” operettaları bəstəkarın lirik əhvali-ruhiyyəsinin düşkünlüyünün, istedadının parlaq melodik təbiətini göstərirdi. Eni zamanda, bu operattalar Fikrət Əmirovun parlaq və geniş musiqi xarakteristikalarına meyilli olduğunu da nümayiş etdirirdi.
Məhz buna görə də, onun operettalarındakı bir çox mahnılar melodiyasının zənginliyinə, səmimiliyinə və milli zəminə bağlığına görə geniş yayılmış və şöhrət qazanmışdır. Yaradıcılığında mühüm yer tutan simfonik əsərlərdə Fikrət Əmirovun fərdi, özünəməxsus üslubu aydın şəkildə özünü göstərir. Simli orkestr üçün yazılmış “Nizami” simfoniyası Fikrət Əmirovun ən uğurlu əsərlərindən biridir. Nizaminin xatirəsinə həsr edilmiş simfoniya böyük şairin anadan olmasının 800 illiyi münasibətilə yazılmışdır.
Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılmışdır. Bəstəkar bu simfoniyadan sonra süitalar, rapsodiyalar, simfonik muğam kimi yeni formalı əsərlər yazmışdır. 1948-ci ildə F.Əmirov “Şur” və “Kürd ovşarı” simfonik muğamlarını yaradır və tezliklə dünyada şöhrət qazanaraq, Dövlət mükafatına layiq görülür. F.Əmirovun simfonik muğamları professional şifahi ənənə formasını bəstəkar yaradıcılığı sahəsində həyata keçirmək yolunda mühüm mərhələ olmuşdur. İki tip musiqi təfəkkürünün xalq (muğam) ilə Avropa klassik musiqisinin sintezi kimi meydana gələn simfonik muğamlar, eyni zamanda, milli simfoniyamızı dünya incəsənətinin geniş meydanına çıxarmışdır. Dünyanın görkəmli dirijorlarından olan Leopold Stokovski Boston Filarmoniyası orkestrinin ifasında “Şur” və “Kürd ovşarı” muğamlarına dirijorluq etmişdir. Fikrət Əmirovun adı nəinki ölkəmizdə, hətta xaricdə də məşhurlaşmışdır. “Şur” simfonik muğamı Bolqarıstanda Sofiya Dövlət Filarmoniyasında, Belçikanın, Fransanın, ABŞ-ın konsert salonlarında ifa olunmuşdur.
Qara Qarayev F.Əmirovun simfonik muğamları haqqında yazmışdır: “F.Əmirovun yaradıcılıq işinin məziyyəti ondadır ki, o, xalq dühasının əsrlərlə yaratdığı bütün xüsusiyyətləri saxlamaqla bərabər, muğamlara yeni məzmun verə bilmişdir. Ölməz musiqi poemaları onun təsvirində yeni şəkildə səslənir. Əmirov öz vəzifəsini dərindən dərk edərək, zəngin məzmunlu, xəlqi, orijinal formalı simfonik əsərlər yaratmışdır”. Fransanın “Disk” musiqi jurnalı yazırdı: “Şur” muğamında musiqi sənətinin bütün əsil böyük əsərlərinə xas əzəmət və həqiqət vardır.
“Sovetskaya muzıka” jurnalında “Sovet musiqisi Fransa və Belçikada” məqaləsində yazılmışdır ki, Fikrət Əmirovun “Şur” simfonik muğamı bu ölkələrdə yüksək qiymət almışdır. “Nyu-York Tayms” qəzeti də ABŞ-da Fikrət Əmirovun “Şur” simfonik muğamının qrammofon valının buraxılmasını xəbər verir. Bu fakt bir daha Fikrət Əmirovun simfonik muğamlarının böyük po-pulyarlığını təsdiq edir.
Ötən əsrin 50-ci illərində Fikrət Əmirov fortepiano silsiləsini, ərəb mövzularında fortepiano ilə orkestr üçün konserti (K.Nəzirova ilə birlikdə), həmçinin, fortepiano üçün alban mövzularında iki süita yazmışdır.
Xalq musiqisinə daim istinad edən, onu müxtəlif forma və janrlarda təcəssüm etdirən bəstəkar, 1950-ci ildə dördhissəli “Azərbaycan” simfonik süitasını yazır.
F.Əmirov yaradıcılığına xas olan bu vətənpərvərlik mövzusu öz ifadəsini orkestr üçün yazılmış parlaq “Azərbaycan” kapriççiosu (1961) əsərində tapmışdır.
Bəstəkarın görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının eyniadlı pyesi əsasında yazdığı “Sevil” operası 1950-ci illərin məhsuludur.
“Sevil” operasının yaranması və tamaşaya qoyulması (1953) Azərbaycan musiqi həyatında mühüm hadisədir. 1953-cü il oktyabrın 8-də M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya ictimai baxış keçirildi. Əmirov partitura üzərində əlavə işlər apardı, dekabrın 25-də operanın premyerası oldu. 1955-ci mayın 8-də opera yenidən redaktə edilərək tam işlənilmiş halda tamaşaya qoyuldu.
“Sevil” operası müasir mövzuda yazılmış ilk milli lirik opera kimi Azərbaycanın musiqi tarixinə daxil olmuşdur. 1959-cu ildə “Muzıkalnaya jizn” jurnalı “Sevil” operası haqqında yazırdı: “Fikrət Əmirovun “Sevil” operasını sovet ittifaqının bir çox şəhərlərinin və respublikanın teatrlarında tamaşaya qoymaq lazımdır”.
Ötən əsrin 60-cı illərində Fikrət Əmirov beynəlxalq musiqi konqresində, simpoziumlarda, konfranslarda, qurultaylarda, plenumlarda iştirak edirdi.
70-ci illərdə Əmirov “Nəsimi” vokal xoreoqrafik poemasını, simfonik orkestr üçün “Azərbaycan qravürləri”ni yazmışdır. Daim yeni ifadə vasitələri axtarmaq, xalq sənətinin müxtəlif sahələrini birdişləşdirməyə səy göstərmək nəticəsində bəstəkar yeni, maraqlı və unikal priyomlar tətbiq edir. Öz parlaq palitrasında orkestr ilə vokal səsi birləşdirərək, 1971-ci ildə “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamını yaradır.
Məşhur fars poeziyası klassikləri Sədinin və Hafizin şeirlərindən ilham alan bəstəkar, bu əsəri ilə yenidən muğama doğma xalqımızın milli musiqi xəzinəsinə müraciət etmişdir. “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamı 1973-cü ildə Moskvada keçirilən VII Beynəlxalq musiqi konqresində ifa edilmiş və dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır.
1979-cu ildə Fikrət Əmirov “Min bir gecə” nağılları əsasında eyniadlı baletini yaradır. Həmin balet M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. 80-ci illərin əvvəllərində “Min bir gecə” baletinə görə bəstəkar Dövlət mükafatına layiq görülmüşdür.
1982-ci ilin may ayında Fikrət Əmirov musiqinin inkişafı sahəsində görkəmli xidmətlərinə görə, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, orlen və medallarla təltif edilmişdir.
Hələ gənc yaşlarından Nizami poeziyasında olan marağı bəstəkarın yaradıcılığında xüsusi yer tutur. “Nizami” simfoniyası ilə kifayətlənməyib şairin həyat və yaradıcılığını əks etdirən balet üzərindo gərgin işləyir və ölümündən bir az qabaq 1984-cü ilin yanvarında “Nizami” baletinin əlyazmasını tamamlayır.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə