Azərbaycan Mədəniyyət xadimləri: Üzeyir Hacıbəyov

Müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi. SSRİ xalq artisti (1938). Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948). SSRİ Dövlət Mükafatı Laureatı (1941, 1946).
Üzeyir Hacıbəyov XX yüziliyin I yarısında dünya musiqi mədəniyyətində öz sözünü demiş, öz yeni dəsti-xətti ilə seçilən böyük bəstəkarlardan biridir. O, öz yaradıcılığı və geniş fəaliyyəti ilə Şərq və Qərb musiqi mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı faydalanması yolunda ən böyük və ən cəsarətli addımlar atmış ilk sənətkar-musiqiçilərdən biridir.
Üzeyir Əbdul Hüseyn oğlu Hacıbəyov 1885-ci il sentyabrın 18-də Şuşa qəzasının Ağcabədi kəndində anadan olmuşdur. 1899-1904-cü illər – Zaqafqaziya (Qori) müəllimlər seminariyasına daxil olmuş, oranı bitirərək kənd müəllimi adını almışdır.
1905-ci il – Şuşada tərəqqipərvər «Cavanlar İttifaqı» təşkilatının üzvü olmuş daha sonra Bakı şəhərinə köçmüş və ədəbi-publisistik fəaliyyətə başlamışdır. 1907-ci il –«Leyli və Məcnun» operası üzərində işləmiş və beləliklə, bəstəkarlıq fəaliyyətinə başlamışdır. Onun «Siyasi, hüqüq, hərbi və bir çox başqa terminlərin rusca-tatarca və tatarca-rusca lüğətləri» çapdan çıxmışdır; bu lüğətlər maarifçilik sahəsində böyük rol oynamışdır.
Azərbaycanda müasir professional musiqi tarixinin əsasını qoyan «Leyli və Məcnun» operasının ilk tamaşası 25 yanvar, 1908-ci ildə olmuşdur.
Üzeyir Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoylmuş, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmışdır.
Hacıbəyovun 1908-ci il yanvarın 25-də Bakıda H.Z.Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman şərqində opera sənətinin əsası qoyulmuşdur. Üzeyir Hacıbəyov 1909-15-ci illərdə bir-birinin ardınca "Şeyx Sən'an" (1909), "Rüstəm və Söhrab" (1910), Şah Abbas və Xurşid banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla (1915)" əsərlərini yazmışdır.
Hacıbəyov Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. "Ər və arvad" (1909), "O olmasın bu olsun" (1910), "Arşın mal alan" musiqili komediyaları və s. 1937-ci il aprelin 30-da Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası "Aşıqsayağı" triosu (1931) il və s.
Hacıbəyovun Böyük Vətən müharibəsi (1941-1945) illərində "Çağırış","Yaxşı yol", "Ananın oğluna nəsihəti", "Şəfqət bacısı", "Döyüşçülər marşı" və s. vətənpərvər ruhlu mahnılar, eləcədə xalq çalğı alətləri orkestri üçün "Cəngi"(1941) pyesini, "Vətən və Cəbhə" (1942) kantatasını bəstələmişdir. "Sənsiz"(1941) və "Sevgili canan" (1943) romans-qəzəlləri xüsusi yer tutur.
Hacıbəyov həyatının son illərində "Firuzə" operası üzərində işləmişdir. Bu bitməmiş operadan təkcə Firuzənin ariyası qalmışdır.
Hacıbəyovun "Arşın mal alan " musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belarus, gürcü və s. dillərə tərcumə edilmiş, xarici dövlətələrdə tamaşaya qoyulmuşdur. Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası 1917 ildə (rejissor B.Svetlov), 1945 ildə (rejissorlar R.Təhmasib, N.Lesçenko) və 1965 ildə (rejissor T.Tağızadə), "O olmasın bu olsun" (rejissor H.Seyidzadə) 1956 ildə ekranlaşdırılıb. "Arşın mal alan" (1945) filminə görə rejissorlar R.Təhmasib və N.Lesçenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, E.Hüseynzadə, M.Kələntərli və L.Abdullayev SSRİ Dövlət Mükafatına (1946) layiq görulmüşlər.
O, ilk azərbacanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin lad (məqam) nəzəriyyəsini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir. Üzeyir Hacıbəyov, yüz illik dövr keçsə də, hələ də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. Üzeyir Hacıbəyov görkəmli yenilikçi, müəllim-ustad və Azərbaycanda iən böyük musiqiçi-ictimaiyyətçı kimi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı və ilk yolgöstərəni, sükançısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində ən böyük simalardan biri kimi yaşayır və yaşayacaq.
Ü.Hacıbəyova həsr olunan 2 seriyalı "Üzeyir Hacıbəyov" və "Uzun ömrün akkordları" (1982, rej. Anar) film çəkilmişdir. Ü.Hacıbəyov 1948-ci il 22 noyabrda vəfat etmişdir.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə