Azərbaycan Mədəniyyət xadimləri: Lütfəli Abdullayev -
Azərbaycan Mədəniyyət xadimləri: Lütfəli Abdullayev

 Azərbaycanın xalq artisti Lütfəli Abdullayevi müasirləri "Gülüş kralı" adlandırmışlar. O, Azərbaycan Komediya Teatırının yaradıcılarında bir olub. Hazırcavablığı, gülüş estetikasına malik olaması, mimika-jest hərəkətləri ilə obrazının komik xarakterini canlandırmaq bacarığı, savadı olmasa da müdrik və zəngin daxili aləmə malik bir insan olduğuna görə böyükdən-kiçiyə hamının yaddaşında dərin iz buraxa bilmişdir.
Lütfəli Əmir oğlu Abdullayev 1914-cü ilin 22 mart tarixində Nuxada - indiki Şəki şəhərində xalça tacirinin ailəsində dünyaya göz açıb. Sovet İttifaqının yaranması ailədə çətinlikləri artırdı, atası deportasiya olundu. Kiçik yaşlarından işləyərək anasına kömək etməyə başlayan Lütfəli Abdullayev çətin uşaqlıq illəri keçirib. Teatra, səhnəyə gənc yaşlarından maraq göstərən Lütfəli Abdullayev bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışır. Onun teatra həvəsini ilk kəşv edən sənət fədaisi Əhməd Anatolli olmuşdur. 1928-ci ilin sentyabr ayında təsadüf nəticəsində Bakıya gəlir. 14 yaşlı yeniyetmə oğlan konservatoriyanın voltorna sinfinin məşqlərində və bununla paralel, Berolskinin vokal dərslərində də iştirak edir. Tez bir zamanda opera-xor heyətinə qəbul olunur, sözsüz və epizotik rollar alır. Qısa müddətdən sonra "Arşın mal alan" operettasında Vəli obrazını canlandırır. Ömrünün 34 ilini səhəyə həsr etmiş aktyor təkrarsız obrazlarla tamaşaçı sevgisi qazanır.
1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yaranır və Lütfəli Abdullayev də truppaya qəbul edilir. Teatrda bir-birinin ardınca Əbdürrəhman bəy Haqverdiyevin "Köhnə duman" əsərində Tağı, Cəfər Cabbarlının "Od gəlini" əsərində Oddamdı, Məmmədhüseyin Təhmasibin "Çiçəklənən arzular" əsərində Nadir, Georgi Midivaninin "Kimdir müqəssir" əsərində Rəşid obrazlar canlandırır. Daha sonra Azərbaycan Filarmoniyasının nəzdində fəaliyyət göstərən truppada işləməyə başlayır.
Təbiətcə şən, optimist olan Lütfəli Abdullayev ifa etdiyi rollara kolorit və orijinal özəlliklər qatmağı sevirdi. Onun gülüşü boş və mənasız yox, düşündürücü gülüş idi. Görkəmli bəstəkar, xalq artisti Səid Rüstəmovun "Beş manatlıq gəlin" tamaşasındakı kar Mövsüm rolu Lütfəli Abdullayevin debüt ifası oldu. Daha sonra bir-birinin ardınca "Durna" tamaşasında Dursun, "Hacı Kərimin aya səyahəti" tamaşasında Hacı Kərim, "Hicran" tamaşasında Mitoş, "Özümüz bilərik"də Murtuzov, "Bir dəqiqə"də Səməndər rollarını xüsusi peşəkarlıqla ifa edərək yadda qalan obrazlar yaratmışdır.
Sənətkar kinoda da öz sözünü demişdir. "O olmasın, bu olsun"da hambal, "Arşın mal alan"da Vəli, "Əhməd hardadır?"da Zülümov, "Ulduz"da Məhəmməd rolları onun həqiqətən də bu sənət üçün yaşadığını bir daha sübut edirdi. O qeyd edirid ki, yaratdığı hər bir obraz həyatda rastlaşdığı insanların prototipidir.
Tamaşalarında daim gülüş hədəfi olan obrazlar yaratmasına baxmayaraq, çox ciddi bir insan idi. Çox gec ailə həyatı qurmuşdu, sevdiyi xanıma düz 15 ildən sonra qovuşmuşdu. Xoşbəxt ailəyə sahib olduğunu deyirdi, yaxşı ata, gözəl ailə başçısı idi. Qızlarının təhsilinə xüsusi önəm vermiş, özü rus dilini bilmədiyi üçün Moskva teatrından aldığı dəvətdən imtina etmək məcburiyyətində qaldığını qeyd edərək övladlarının bu dildə təhsil almasına xüsusi təşəbbüs göstərmişdir.
Hədsiz qayğıkeş və mehriban bir insan idi, heç tanımadığı insanların problemini dinləyər və onlara daim kömək etməyə çalışardı. L.Abdullayev ona kömək üçün müraciət edənləri naümid geri qaytarmazdı. Hətta ilk dəfə gördüyü insana belə hər cür kömək edər, onları fikirləşmədən evinə də qeydiyyata salardı. Bu cür böyük ürək sahibi idi Lütfəli Abdullayev. Azərbaycan SSR xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat etmişdir.
 

Azərbaycan Himni
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Namusunu hifz etməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
Musiqisi: Üzeyir Hacıbeyovun
Sözleri: Ehmed Cavadındır
Gənc Mədəniyyət Işçilərinin Koordinasiya Kreativ Qrupu sosial şəbəkələrdə
Nailiyyətlərimiz rəqəmlərdə